Qanunun tətbiqi yazılmasından çətindir

PRAKKOM (Praktik Kommentariya) – qanunların praktikada necə tətbiq olunduğunu göstərmək məqsədiylə, bütün hüquqşünaslara, həmçinin sadə vətəndaşlara yardımçı olmağı nəzərdə tutan hüquqi platformadır. Bilindiyi kimi, qanunlar dövlətin ali qanunverici orqanı olan Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul olunur. Daha sonra onların tətbiq oluna bilməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları və digər qurumlar tərəfindən müvafiq aktlar qəbul edir və bundan sonra da müəyyən praktika formalaşır. Həmin qanunla tənzimlənən münasibətlərlə bağlı mübahisələr yarandıqca isə məhkəmə praktikası formalaşır, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumu müəyyən maddələrlə bağlı qərarlar qəbul edir, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müəyyən maddələri şərh edir. Bir qanunun düzgün tətbiqi üçün bütün bu məlumatların toplandığı ümumi bir mənbə isə indiyə qədər mövcud deyildir. PRAKKOM-un məqsədi qanunların maddələri ilə bağlı lazımi məlumatları, həm nəzəri, həm də praktiki bilikləri, məhkəmə təcrübəsini, bununla bağlı ortaya çıxan problemləri bir arada toplayaraq istifadəçilərə təqdim etmək, bununla da hüquqşünasların və sadə vətəndaşların qanunları daha yaxşı anlayıb istifadə etməsinə köməklik göstərmək, Azərbaycan hüquq sistemində nəzəriyyə və praktika arasında yaranan uyğunsuzluqları müəyyənləşdirərək onların ortadan qaldırılmasına töhfə verməkdən ibarətdir.